Qərb Universiteti yeni əməkdaşlıq müqaviləsi imzaladı

Qərb Universiteti yeni əməkdaşlıq müqaviləsi imzaladı

Fəaliyyət şəbəkəsini daim genişləndirən Qərb Universiteti bu istiqamətdə daha bir addım ataraq Rusiyanın Povoljsk Dövlət Texnologiya Universiteti ilə əməkdaşlıq barədə razılaşma imzalayıb.

Tədris müəssisələri "Turizm” və "Turizm və otelçilik” sahəsində əməkdaşlıq edəcəklər. Sənədə əsasən, birgə elmi və tədris layihələri hazırlanacaq, müəllimlər, eləcə də tələbə və aspirantlar, magistrlərin iştirakı ilə konfrans və seminarlar təşkil olunacaq, elmi-tədqiqat müzakirələri aparılacaq, müəliim və tələbələrin təcrübə mübadiləsinə geniş yer ayrılacaq.

Bundan başqa, tərəflər hər il iş planı tərtib edib, fəaliyyətlərini də məhz həmin plana uyğun qurmaq barədə, həmçinin elm və tədris müəssisələrinin milli və beynəlxalq təcrübəsi barədə bir-birini məlumatlandırmaq, müsabiqələrdə, xüsusilə, Rusiya və Avropa İttifaqının xətti ilə təşkil olunan elmi tədbirlərdə iştirakla bağlı razılığa gəliblər.

Müqavilənin ən mühüm cəhətlərindən biri isə magistr pilləsində təhsil alan tələbələrin həm Qərb Universitetinin, həm də Povoljsk Dövlət Texnologiya Universitetinin diplomlarına (ikili diplom) yiyələnmək imkanı əldə edə bilmələridir.